Zərərçəkmişlər öyrədilir – Maqsud Mahmudov

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend -in məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə ifadə verən zərərçəkmiş Leyla Yusifova bildirib ki,
lombarda bir neçə dəfə qızıl girov qoyub, əvəzində pul götürüb.

“Sonuncu dəfə də gedib pul götürdüm. Pulu ödədim, amma qızılları
götürə bilmədim. Maqsud özü də orada idi. O dedi, 10 gün sonra
qızıllarımı qaytardılar. Heç bir şikayətim yoxdur”, – zərərçəkmiş
bildirib.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki,
qızıllarını ödəyəndə bildiriblər ki, qızıllar bankadır: “Mənə
dedilər ki, qızıllar bankda girovdadır. Mən də dedim ki, mən banka
girov qızıl qoymamışam. Lombardda Maqsudu tanımamışam, onunla heç
bir söhbətim olmayıb. Fikirləşməmişəm ki, bu lombard kimindir.
Orada qızlar vardı, onlarla iş görürdüm. Vaxtında faizlərimi
ödəmişəm”.

Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmiş istintaqa yalan
ifadə verib: “Xanım deyir ki, polisə gedəndən iki-üç gün sonra məni
orada görüb. Amma həmin vaxt mən Azərbaycanda olmamışam.
Zərərçəkmişlər öyrədilir”.

Prosesdə ifadə verən digər zərərçəkmiş Rəna Məmmədova deyib ki,
ehtiyacı olduğu üçün lombarddan pul götürüb.

“70 qrama yaxın qızıl qoydum, pul götürdüm. Bir müddət faiz
ödədim, pulu tam ödəyəndə qızıllarımı qaytarmadılar. Sonradan anam
xəstələndi, başım qarışdı. Anam rəhmətə gedəndən sonra lombarda
getdim. Mədinə dedi ki, Maqsud qızılları götürüb gedib. Hazırda da
70 qrama yaxın qızılı ala bilmirəm. Hamının qızıllarını qaytarıb,
mənimkini yox. Ümumilikdə, 5 min manatdan artıq ziyan vurulub
mənə”, – zərərçəkmiş deyib.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: