Xəbər - Elçin Mehdiyev – Trend:
Bütün dünyaya, o cümlədən də Avropa İttifaqına (Aİ) yaxşı məlumdur ki, Ermənistan işğal etdiyi ərazilərimizdə illər ərzində nəinki bir daş üstünə daş qoymayıb, bu azmış kimi bütün infrastrukturu, dini və mədəni abidələri məhv edib, bütün ərazini isə demək olar ki, səhralığa çevirib. Məlum məsələdir ki, regionun dirçəldilməsi öz-özünə həll edilə biləcək bir məsələ deyil, bunun üçün Azərbaycan dövlətinə olduqca böyük miqdarda, milyardlarla vəsait lazımdır. İnsanlar da öz yurd-yuvalarına dönmək üçün gün sayırlar.
Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Avropa İttifaqına da məlum və aydın olan bütün bu reallıqlar fonunda onun talançılıq siyasəti həyata keçirən Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırmasına baxmayaraq, maddi və mənəvi ziyana məruz qalan Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutması haqlı olaraq bir çox əsaslı suallar doğurur:
“Zərərçəkən biz, yardım alan onlar? Bu hansı yazılan qanuna və yazılmayan humanist dəyərlərə sığır? Bu məsələ birmənalı olaraq Avropa İttifaqının növbəti ikili standartlarının təzahürüdür. Avropa İttifaqı minimal olaraq Azərbaycana 5 milyard avroluq yardım paketi ayırmalıdır ki, bütün bu işlər vaxt itirilmədən həll olunsun. Hesab edirəm ki, bu məsələ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də Azərbaycana reallaşacaq səfəri çərçivəsində mütləq şəkildə onun qarşısında qaldırılmalıdır”.