Xəbər - Samir Əli – Trend:
Zərdab rayon mərkəzi xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Zərdab Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.