Zəngilanda İşçi Qrupunun növbəti iclası keçirildi

Zəngilanda İşçi Qrupunun növbəti iclası keçirildi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.

AzerTimes xəbər verir ki, iclası açan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işçi qrupunun üzvlərini və qonaqları salamlayıb. Enerji təhlükəsizliyinin vacibliyindən danışan Prezidentin xüsusi nümayəndəsi, həmçinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının bərpa olunan enerji potensialından və burada həyata keçirilməsi planlaşdırılan layihələrin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Əlaqələndirmə Qərargahı çərçivəsində aidiyyəti qurumlararası fəal əlaqələndirmə təmin olunmaqla sürətlə davam edir. İndiyədək həyata keçirilən işlərə yerində baxış və praktiki məsələlərin müzakirəsi məqsədilə İdarələrarası Mərkəzin bəzi işçi qruplarının ərazilərə səfərləri təşkil edilib və müvafiq iclasları keçirilib. N.Süleymanov bu təcrübənin davam etdirilməsinin praktik baxımdan əhəmiyyətindən danışıb.

İşçi Qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov çıxışında “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində energetika sahəsinə dair müəyyənləşdirilmiş tapşırıqların icrası haqqında danışıb. Enerji infrastrukturunun qurulması və regionun bərpa olunan enerji də daxil olmaqla enerji potensialından səmərəli istifadə çərçivəsində elektrik, təbii qaz və istilik təchizatının qurulması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrasına dair təqdimat nümayiş etdirilib. Bildirilib ki, bu ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl texnologiyalar”ın tətbiqinə başlanılıb və konsepsiya ilə nəzərdə tutulmuş tapşırıqlar binaların və digər obyektlərin layihələndirilməsi mərhələsində nəzərə alınır.

İşğaldan azad olunmuş ərazilərdə ötən dövr ərzində yarımstansiyaların tikintisi, elektrik xətlərinin çəkilişi, dayaqların və transformatorların quraşdırılması istiqamətində görülən işlər, reallaşdırılmaqda olan layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə məlumat verilib. Bu ərazilərin, xüsusilə də Laçın rayonunun birinci mərhələdə qazlaşdırılması planlaşdırılan Zabux və Sus kəndlərinə təbii qaz təchizatına dair təqdimat dinlənilib.

Sonra İşçi Qrupun əvvəlki iclaslarında müəyyənləşdirilmiş qərarların icrası ilə bağlı yerinə yetirilən tədbirlər nəzərdən keçirilib, iclasda müzakirə edilən məsələlərin həlli istiqamətində yeni qərarlar qəbul edilib.

Daha sonra İşçi Qrupun üzvləri Zəngilan rayonunun Ağalı kəndi ərazisində inşa edilmiş “ağıllı kənd”in enerji infrastrukturu, o cümlədən kiçik su elektrik stansiyası – “Arximed” qurğusuna baxış keçirib, perspektiv planlarla tanış olublar.

Teqlər: