Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə “Böyük qayıdış” prosesinə start verildi – TƏHLİL

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”
layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci
xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Daha sonra isə
sakinlərlə görüş baş tutdu.

Bununla bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, bu açılış Azərbaycan
tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu
açılış mərasimi ilə “Böyük qayıdış” prosesinə start verildi.

“Bu tədbir eyni zamanda işğaldan azad edilmiş ərazilərdə böyük
quruculuq işlərinin davam etməsini göstərdi. İlk pilot layihə
olaraq məhz Zəngilanda icra edilməsinə başlanmışdır və burada 200
evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb,
tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət
göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki,
bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük
qayıdış” prosesinə start verildi və ilk olaraq zəngilanlıların
dogma torpaqlarına qayıdışı baş tutdu.

Belə maliyyə tutumlu layihələrin icra edilməsi məhz Azərbaycan
dövlətinin öz vəsaiti hesabına həyata keçirilir. Əlbəttə bu cür
layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə
bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması bu cür
layihələrin həyata keçirilməsinə imkan verir. Vətən müharibəsindən
sonra ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərə ardıcıl
səfərləri ya böyük layihələrin təməlqoyma və ya açılışı ilə bağlı
olur. Dövlət başçısı aparılan işlərə birbaşa özü nəzarət edir”, –
deyə deputat bildirib.

O qeyd edib ki, bu layihənin məhz Müstəqillik Günü ərəfəsində
açılması, həm də böyük rəmzi məna daşıyır.

“Son 200 ildə ermənilər tərəfindən Azərbaycana qarşı mərhələli
şəkildə soyqırım siyasəti həyata keçirilib, ərazilərimizin bir
hissəsi ermənilərə verilib. Ötən əsrin 20-ci illərində də Sovet
hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana vermişdir. Təbbi ki, bu,
Azərbaycana qarşı aparılan ədalətsiz bir siyasətin mərhələləri
olub. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da o
zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımızın 20
faizi erməni işğalı altına düşmüşdü. Çox şükürlər olsun ki, Ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra
həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı bugünki uğurlara
gətirib çıxarıb.

Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş
Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi
bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata
keçirərək azad edilmiş torpaqları çiçəklənin bir diyara çevrilməsi
istiqamətində qətiyyətli və sürətli işlər aparılır”, – deyə deputat
əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə
AzerTimes-a deyib ki, may
ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı
zamanı möhtərəm cənab Prezidentin söylədiyi nitq Azərbaycanın
gələcək strategiyasının yol xəritəsidir.

“Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl
müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Həqiqətən də Ulu
Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident
İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və
məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük
Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum
strategiyanın nəticəsidir.

Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda
infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir.
Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.

Möhtərəm cənab Prezident öz mükəmməl nitqində belə bir fikir
söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara
biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu
hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız
başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən
sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi
təməllər formalaşdı, dövlətçilik qorundu.

İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab
Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki
uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki
qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə
yazdırıb.

Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız
məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız
kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur”, – deyə deputat
əlavə edib.

Teqlər: