Zəngilan. Trend:
Zəngilanda “Ağıllı kənd” layihəsində kənd təsərrüfatı sahəsində
bir sıra yeniliklər tətbiq olunur.
Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı
şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, bu yeniliklərdən biri kəndin kənar
hissəsində yerləşən böyük əkin sahələrində pilot suvarma
sistemlərinin quraşdırılmasıdır.
“Bu sistemlər sayəsində 157 hektar sahəni davamlı olaraq suvarma
imkanı əldə olunacaq. Eyni zamanda kənd ərazisində çoxlu sayda
iqlim stansiyaları quraşdırılıb. Həmin stansiyalar vasitəsilə
avtomatik rejimdə torpağın, havanın temeraturu, küləyin istiqaməti,
sürəti, havadakı nəmliyin dərəcəsi və digər məlumatlar elektron
qaydada dərhal fermerlərə çatdırılır. Nəticə etibarilə həmin əkin
sahəsində nəyə ehtiyac olduğu, hansı risklərin yarandığı dərhal
müəyyənləşdirilir. Bu ərazilərdə xüsusən intensiv bağçılığın
inkişafı üçün layihələr həyata keçirilir. Kənddə bir çox iş yerləri
yaradılıb. Yalnız kənd təsərrüfatı sahəsində yox, meydanda bütün
dövlət quurmlarının elektron xidmətlərinin həyata keçirilməsi üçün
məntəqələr yaradılıb. Ağıllı məktəb və bağça fəaliyyət göstərəcək.
Həmçinin burada ən yüksək sürətli internet xətti quraşdırılıb”, –
deyə o əlavə edib.