Zəngilan və Cəbrayıla vurulmuş zərərlə bağlı araşdırma materialları Baş Prokurorluğa təqdim edilib

Xəbər - Çingiz Səfərli – Trend:

İşğaldan azad olunan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.

Məlumata görə, Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.


Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində dronlar vasitəsilə 187,16 km2 ərazinin fotoçəkilişləri aparılıb, 1:1000 – 1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

Teqlər: