Xəbər - Fərid Zöhrabov -Trend:
Bu gün Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il keçir.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Gözəl təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaqdır.
Rayon təbii ehtiyatlarına görə zəngindir. Belə ki, rayonda qızıl, filiz, gümüş, mis ehtiyatları mövcuddur.
Zəngilanı Zəngəzura giriş qapısı da adlandırırlar. Bu da gələcəkdə Zəngəzur dəhlizi açılanda rayonun iqtisadi inkişafına əlavə müsbət təsir edəcək.
Zəngilan rayonunu erməni vandalları dağıtmışdı. İşğaldan azad olunandan sonra rayon yenidən dirçəlməyə başlayıb. Ölkədə ilk dəfə Qarabağ ərazisində “Ağıllı kənd” layihəsi tətbiq edilib.
Hazırda Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı gedir. Bundan başqa Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaası ilə bağlı da işlər aparılır.
Rayon sakinləri səbirsizliklə öz doğma yurdlarına qayıdacaq günləri gözləyirlər.