Zəngəzura qayıdış, dəhliz və anklavlar: İrəvandan nə tələb edilib?

Zəngəzura qayıdış, dəhliz və anklavlar: İrəvandan nə tələb edilib?

Ermənistan mediası ABŞ-ın İrəvan qarşısında Azərbaycanla sülh müqaviləsinə dair 7 şərt qoyduğunu yazır: Bakı və Vaşinqtonun tələbləri kimi təqdim edilən şərtlərin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Vaşinqtona səfəri və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdə açıqlandığı deyilir;

Tələblər nədən ibarətdir?

Birinci tələb: sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

ABŞ Rusiya ilə vasitəçilik üzərində gedən mübarizədən qalib ayrılmaq niyyətindədir. Sülh sazişinin ilin sonuna qədər imzalanması Azərbaycanın da marağındadır. Prezident İlham Əliyev son çıxışında bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda fikirlərini kağız üzərinə də keçirməlidir. Lakin Bakı üçün sülh sazişinin hansı şəhərdə – Vaşinqton, yoxsa Moskva platformasında imzalanması prioritet deyil. Bu baxımdan, sülh sazişinin məhz Vaşinqtonda imzalanması tələbi ABŞ-ın istəyidir.

İkinci tələb: Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir;

Azərbaycanın tarixi torpaqlarımız olan Zəngəzurs qayıdış planının olduğu sirr deyil, Əliyev də bunu açıq şəkildə elan edib. Zəngəzura qayıdışın iki versiyası mümkündür:

– birincisi, hərbi müstəvidə tarixi ədaləti bərpa etmək və regionun siyasi xəritəsini dəyişdirmək: bu, yeni dünya nizamının qurulmasının tam başa çatmasından sonra mümkün ola bilər, lakin mövcud geosiyasi şərtlərdə çətindir;

– ikincisi, Ermənistanla sülh müqaviləsinin imzalanmasından, münasibətlərin normallaşmasından sonra azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu bölgəyə sosial-iqtisadi investisiyaların yatarılması: istisna deyil ki, Bakı daha real olan bu versiya üzərində işləyir;

Və belə bir tələb Vaşinqtonda gündəmə gətirilib.

Üçüncü tələb: Zəngəzurda Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək qurum açılmalıdır;

Azərbaycanlıların Zəngəzura – öz evlərinə qayıdışı təmin edilərsə, belə bir quruma ehtiyac var. Çünki ermənilərin Azərbaycana qarşı tarixi düşmənçiliyi xalqların birgəyaşayışını çətinləşdirir və belə bir qurumun yaradılması prosesin idarə edilməsinə imkan verə bilər. İstisna deyil ki, belə bir qurumda həm də beynəlxalq iştirakçılar təmsil olunsun. ABŞ-ın bu qurumda iştirakla Cənubi Qafqazdakı mövqelərini gücləndirəcəyini nəzərə alsaq, öz maraqları da var.

Dördüncü tələb: Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir;

Bu, Rusiyanın Ermənistanda, ümumilikdə regionda təsir imkanlarını əlindən almaq istəyən Vaşinqtonun tələbidir. Lakin bunun Bakı ilə sülh müqaviləsinə daxil edildiyi iddiası diqqət çəkir:

– birincisi, Bakı üçüncü ölkələrə aid olan məsələdə iştirakda maraqlı deyil;

– ikincisi, bu, Bakı-Moskva xəttində problemlər yarada bilər;

Aydındır ki, Vaşinqton Bakı-İrəvan münasibətlərinə Cənubi Qafqaz siyasəti fonunda baxır və regiondakı maraqlarını da bu kontekstdə təmin etmək istəyə bilər.

Beşinci tələb: Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir;

Ermənistan Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmalıdır. Bu tələb sirr deyil və Bakı tərəfindən rəsmi şəkildə dəfələrlə dilə gətirilib, hazırda danışıqlar masasındakı müzakirə mövzularından biri də budur. Ermənistan buna ya danışıqlar masasında razılaşacaq, ya da məsələ hərbçilər tərəfindən həll olunacaq.

Altıncı tələb: Zəngəzur dəhlizi Beynəlxalq Gömrük Təşkilatının iştirakı ilə – Rusiyanın iştirakı olmadan açılmalıdır;

Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsində əsas mübahisə mövzularından biridir: Bakı İrəvanın 10 noyabr rzılaşmasında öhdəliyini yerinə yetirməyini istəyir, İrəvan “suverenlik prinsipi”ndən çıxış edir və “yol məntiqi”ni irəli sürür, yəni Naçıvana gedən yolda Ermənistanın sərhəd-keçid məntəqəsi qurulmalıdır;

ABŞ Rusiyanın dəhlizdə iştirakına qarşı olduğu üçün bu məsələdə Ermənistanın mövqeyindən yanadır, lakin bu, Azərbaycan və Türkiyənin istəyinin əleyhinədir. Bu baxımdan, Beynəlxalq Gömrük Təşkilatının iştirakı “ortaq nöqtə”nin tapılması kimi qəbul edilə bilər: Rusiya prosesdən kənarlaşdırılır, həm İrəvanın, həm də Bakı-Ankara ikilisinin maraqları təmin edilir; istisna deyil ki, Azərbaycandan Naxçıvana açılacaq yolda sadələşdirilmiş keçid imkanları yaradılsın;

Beynəlxalq Gömrük Təşkilatının dəhlizdə iştirakı həm də ABŞ-ın bu yol-dəhlizdə iştirakına imkan yarada biləcək amildir.

Yeddinci tələb: Ermənistanın Qarabağdan tamamilə imtina etməlidir;

Bu, Vaşinqton danışıqlarında Ermənistan qarşısında irəli sürülən əsas məsələdir. İrəvan qondarma “Bakı-Xankəndi formatı”, “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin yaradılması” kimi məsələlər üzərindən Qarabağ iddiasını saxlamağa çalışsa da, Bakı buna imkan vermir və Vaşinqton görüşündə Azərbaycanın mövqeyinin qəbul edildiyi məlumdur. Bakının separatçılara amnistiya təklifinin Vaşinqton tərəfindən dəstəklənməsi də bunu deməyə əsas verir.

Bu informasiya nə təsdiq, nə təkzib edilib. Lakin Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən sonra Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi, ardınca Qriqoryanın Vaşinqtona səfəri fonunda xüsusilə diqqət çəkir. İstisna deyil ki, informasiyanın ictimaiyyələşdirilməsi Ermənistan hakimiyyəti tərəfindən təşkil edilib və konkret hədəflərə hesablanıb:

– Ermənistanda ictimai etiraz dalğası yaratmaqla tələblərdən – sülh müqaviləsindən yayınmaq istəyirlər;

– Moskvaya göstərilir ki, Bakı Vaşinqtonla birlikdə onun bölgədəki mövqelərinə qarşı çıxır: bununla Bvakı-Moskva xəttində problemlər yaratmaq və sülh müqaviləsindən yayınmaq üçün manevr imkanı qazanmaq istəyirlər;

Teqlər: