Zəngəzur yolu dəhlizdir, ya yox? “Dəhliz” nə deməkdir?

Zəngəzur yolu dəhlizdir, ya yox? “Dəhliz” nə deməkdir?

Beynəlxalq hüquqda dəhlizin (koridorun) hər hansı hüquqi rejimi nəzərdə tutulmur. Bəzən bu sözdən istifadə olunur – məsələn, müharibə sırasında mülki əhali üçün “humanitar dəhliz” sözü kimi.

Belə başa düşürük ki, 10.11.2020 tarixli razılaşmanın 9-cu bəndinə Paşinyan “dəhliz” sözünün yazılmasına razılıq verməyib, amma Prezident Əliyev razılaşmanın həmin bəndinə “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərinin maneəsiz hərəkəti məqsədi ilə Ermənistan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” ifadəsinin yerləşdirilməsinə nail olub.

Yəni Ermənistan bunun üçün yol ayıracaq, xüsusi yol; bu yola girməklə maneəsiz olaraq Naxçıvana, ordan da geriyə qayıtmaq mümkün olacaq. Adı nə olursa olsun, dəhliz, ya qeyri-dəhliz, marşrut və s., bu yol relyefin icazə verdiyi qədər düzünə yol olacaq, Rusiya FTX də yola girişdə deyil, giriş və çıxışın yanında və yolboyu kənardan nəzarət edə biləcəkdir.

Paşinyanın vermək istəmədiyi məhz bu birbaşa olan yoldur. Deyir ki, Kəlbəcərdən girin, Ermənistanın yarısından keçib Naxçıvana gedin. Hanı təhlükəsizlik, hanı maneəsizlik? Ermənistana girib-çıxanda gömrükdən keçməli olacağıq. Halbuki “maneəsiz keçid” anlayışı məhz elə tranzit keçidlər üçün istifadə olunan termindir və bu, adətən düzünə keçiddir, ərazi sularından, ya da hava ərazisindən olan keçid kimi.

Dolayısıyla Azərbaycan hökumətinin “dəhliz” tələbi əsassız deyil. Zəngilan, ya da Qubadlıdan Naxçıvana düzünə yol verilməlidir – iki başdan girişi-çıxışı sərbəst olan bir yol. Bəli, “manesiz keçid” məhz belə bir keçiddir. Başqa bir sözlə, bu elə məhz “koridor”dur.

Dəhlizin ərazisi Azərbaycan ərazisi sayılmasa da, Azərbaycanın ondan maneəsiz istifadə hüququ olacaq.

Paşinyan məhz bunu həyata keçirməkdən imtina edir. Onun dəhlizə başqa mənalar yükləməsi sadəcə olaraq öhdəlikdən qaçması üçün bəhanədir. Ermənistan düzünə yolla Azərbaycana manesiz keçid hüququnu təmin etməyə borcludur. Çünki bu, 10 noyabr 2020-ci il bəyanatında əksini tapıb və Ermənistan bu öhdəliyi üzərinə götürüb.

Teqlər: