Türkiyədə fəaliyyət göstərən Zəngəzur Azadlıq Hərəkatı Ukraynada şərlənərək həbs edilən Vətən müharibəsi qazisi Misir Qasımlıya müraciət edib.
Hərəkatın rəhbəri Hasan Barının imzası ilə AzerTimes-a daxil olan müraciətdə deyilir:
“Vətən müharibəsində düşmənlər daha yaxşı anlasın deyə rus dilində “Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır! Bütün əzəli torpaqlarımızı azad edəcəyik! Allahu Əkbər!” deyən və iki ildir haqsız yerə Ukraynada həbsdə saxlanılan Qarabağ qazisi Misir Qasımlı ermənilər tərəfindən şərlənib. Misir Qasımlı bu haqsızlığa dözməyərək, aclıq aksiyasına başlayıb. Bu gün aclıq aksiyasının yeddinci günüdür.
Hər qazimiz, hər bir vətəndaşımız dəyərlidir.
Bu hiss və düşüncəyə əsaslanaraq, heç bir üzücü hadisəyə səbəb olmadan, Azərbaycan türk millətçilərinin hisslərinin daha da zədələnməməsi üçün Zəngəzur Azadlıq Hərəkatı olaraq qazimiz Misir Qasımlıya yanında olacağımıza, onun haqlı mübarizəsini hər yerdə səsləndirəcəyimizə söz verərək, ondan aclıq aksiyasına son qoymasını xahiş edirik.
Beynəlxalq hüququ, türk ictimai rəyini, xüsusilə türk milliyyətçilərini hansı səlahiyyət və vəzifədə olmalarından asılı olmayaraq, Misir Qasımlının məruz qaldığı haqsızlığa növbəti haqsızlıq əlavə edilmədən, əziz qazimizin səhhəti daha da pisləşmədən həssas olmağa və qazimizə dəstək olmağa çağırırıq!”