Xəbər - Elçin Mehdiyev – Trend:
Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Bu məsələni zərurətə çevirən Azərbaycanın Müzəffər Ali Baş Komandanı, rəşadətli ordusu və ölkədəki milli birlikdir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və torpaqlarımızın işğal edilməsi nəticəsində bağlanmışdı: “Bu dəhlizin bağalanması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla ölkəmizdən ayrı salmışdır. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olmasından çox əziyyət çəkib. Naxçıvanlıların ölkəmizin digər bölgələrinə gediş-gəlişində, daşınmaların həyata keçirilməsində, enerji təhlükəsizliyinin təminində böyük problemlər yaşanıb. Ölkəmizin iqtisadi gücü sayəsəində naxçıvanlıların bir çox problemi həll olunub. Amma quru yolla gediş-gəlişlə bağlı hələ də çətinlik yaşanmaqdadır. Bu çətinliklər də Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq”.
A.Badamov xatırladıb ki, Zəngəzur dəhlizinin açılması 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatların maddələrində öz əksini tapıb: “Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipal siyasəti, əzm və iradə nümayiş etdirməsi, ölçülmüş addımlar atmasının sayəsində nail olduğumuz böyük qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Bu dəhlizin açılmasında Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür.
Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də çox vacibdir. Çünki bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib.
Ermənistan dalana Azərbaycan tərəfindən düşünülmüş şəkildə salınıb. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb, həyata keçirdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi çəkəndə Ermənistanın kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik. Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqli siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib.
Bu gün Azərbaycan Avropa İttifaqına inteqrasiya olunur. Azərbaycan BTQ dəmir yolu vasitəsilə Avropa ilə bağlantı yarada bilib. Cari ildə ölkəmizin üzərindən Avropa İttifaqına dəmir yolu vasitəsilə 3000 vaqona yaxın yük daşınıb. Gələcəkdə bu layihənin cəlbediciliyi daha da yüksələcək. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi cari ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb. Qərb-Şərq nəqliyyat dəhlizi vasitəsilə də daşınmaların həcmi sürətlə artır”.
Deputat əlavə edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da kommunikasiyaların açılması məsələsi müzakirə olundu: “Şarl Mişel Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya, demarkasiya olunması və uzunmüddədli sülhün bağlanması üçün Avropa İttifaının təşəbbüsünün qəbul edilməsini təklif etdi. O cümlədən, Rusiyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə eyni fikri Rusiya Prezidenti Vladimir Putin də bölüşüb. Beləliklə, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, sonra da masa arxasında təmin edib. Gələcək isə sülh və qonşuluq münasibətləri üzərində qurulmalıdır. Dünya tarixində ən böyük qanlı müharibələr də masa arxasında sonlanıb. Bunun alternativi yoxdur və bu reallığı Ermənistan nə qədər tez qəbul etsə, onların özlərinin xeyrinədir”.