Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni
işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən
kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə
başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının
genişləndirilməsi üçün imkanlar yarada bilər.
AzerTimes-ın məlumatına görə,
bunu Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş “Daha
əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin
artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd
yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım
layihələrinin tamamlanmasına həsr olunan tədbirdə KOBİA İdarə
Heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov qeyd edib ki, bu xüsusilə, post-pandemiya dövründə
iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi
baxandan da əhəmiyyətlidir.
“Qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan Hökuməti
tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması,
ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi,
kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə
dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və
konkret tədbirlər həyata keçirilmişdir. Pandemiyanın yaratdığı
neqativ təsirlərə baxmayaraq, artıq 2021-ci ildə ölkədə əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul
istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə
dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır.
Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro,
kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən
bizneslərin böyük hissəsini təşkil edir. Bu baxımdan, ölkənin
dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx
bağlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi özünün hədəf
seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə
biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün
mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə,
dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu
oynamaqdadır”,- KOBİA sədri bildirib.