Zəngəzur dəhlizinin açılması region üçün yeni fürsətlər ortaya çıxaracaq – TƏHLİL

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. 2020-ci il noyabrın 10-da Moskvada imzalan üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Zəngəzur dəhlizinin açılması regionun inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaratdı. Zəngəzur dəhlizinin açılması məsələsi bu reallıqlardan irəli gəlir.

“Bildiyimiz kimi, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Əvvəla, bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlum olduğu kimi, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu və Azərbaycan bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdi. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq.

Beləliklə, ölkəmiz üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bundan başqa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Onu da qeyd edim ki, artıq Azərbaycan Bərdə-Ağdam dəmir yolunun inşasına başlayıb. Bu dəmir yolu Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçasıdır”, – deyə V.İskəndərov qeyd edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə AzerTimes-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də digər region ölkələri üçün mühim töhfələr verəcək.

“Əlbəttə, ilk növbədə Azərbaycan üçün bu dəhliz onun muxtar bölgəsi Naxçıvan ilə kommunikasiyanın optimallaşmasına və Naxçıvan vasitəsilə birbaşa Türkiyəyə çıxış əldə etməyə xidmət edir. Məhz buna görədir ki, Azərbaycan bu dəhlizin açılması üçün post-müharibə dövründə əzmlə çalışır və qətiyyət nümayiş etdirir. Türkiyə ilə Zəngəzur dəhlizi vasitəsilə daha qısa əlaqəyə sahib olmağımız Trans-Xəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətini də xeyli artıracaq. Bu dəhliz Avropa və Çin arasında ticarətdə vaxt itkisinin qarşısını almağa şərait yaratmaqla, eyni zamanda tranzit ölkələr üçün də əlavə gəlir mənbəyi funksiyasını daşıyır”, – V.Hüseynov qeyd edib.

O vurğulayıb ki, bununla yanaşı, o da qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistan, Rusiya və İran üçün də əlavə imkanlar yaradır.

“Ermənistan Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasında əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olunan “3+3” formatında regional əməkdaşlıq platformasının potensialı yüksək qiymətləndirilir. Zəngəzur dəhlizi bu format üçün nüvə rolunu oynayır. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır”, – deyə o əlavə edib.

Teqlər: