Xəbər - İlhamə İsabalayeva – Trend:
Türk dünyasının və türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi baxımından Zəngəzur dəhlizinin dəyərini ciddi qiymətləndirmək lazımdır.
Bunu AzerTimes-a AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.
Onun sözlərinə görə, əslində, Zəngəzurun bir hissəsinin 1920-ci il dekabrın 3-də Azərbaycan SSR-nin rəhbərliyinə təzyiqlər nəticəsində Ermənistana verilməsi qərarı qəbul edilsə də, bu məsələ yarımçıq qalmışdı. Belə ki, Naxçıvanla Zəngilan arasındakı torpaqlarımızın Ermənistan SSR-in ərazisinə birləşdirilməsi faktiki olaraq erməni daşnakı Njdenin cinayətləri əsasında 1921-ci ilin yayında müəyyən qədər baş tutdu:
“Zəngəzurun bir hissəsini nəzarət altında saxlayan Njde bəyan etmişdi ki, ancaq bu torpaqlar Ermənistan SSR-ə veriləcəyi təqdirdə silahlı üsyana son verib, Avropaya mühacirət edəcək. Çox təəssüf ki, Sovet Rusiyasının rəhbərliyi bu şərtlə razılaşmışdı. Bununla da Zəngəzur torpaqlarının iki hissəyə parçalanması sürətlənmişdi. Daha sonra 1929-cu ildə Azərbaycan SSR-ə aid olan 9 kəndin Ermənistanın Mehri rayonuna birləşdirilməsi ilə Zəngilanla Naxçıvan arasında sərhəd çəpərləri çəkilmişdi”.
F.Ələkbərli əlavə edib ki, 1929-cu ildə bu hadisə baş verərkən Azərbaycan SSR-in rəhbərliyində bir neçə erməni var idi və onlardan biri də Mirzoyan idi. Onlar bundan da istifadə edib, daha 9 kəndimizi Ermənistan SSR-ə birləşdirdilər. Bununla Naxçıvan və Zəngilan arasındakı torpaqlarımız Ermənistan SSR-in tərkibinə keçdi:
“Ancaq ermənilər indi narahatdır ki, əgər 1929-cu il sərhədləri bərpa edilərsə, o zaman həmin torpaqların bir qismi Azərbaycana qaytarılmalı və beləliklə, Naxçıvanla Zəngilan arasındakı quru torpaqlar da bərpa olunmalıdır. Bizcə, bu anlamda Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün “Türk qapısı” adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycaın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək”.