Zəngəzur dəhlizinə region ölkələrinin də marağı yüksəkdir.
Bunu AzerTimes-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Coşqun Cəfərov deyib.
C.Cəfərovun sözlərinə görə, ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir:.
“Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Elə yaxın dövrə nəzər salsaq, Süveyş kanalında Evergreen gəmisinin qəzaya uğraması gün ərzində qərbə daşınan yüklər üzrə 5.1 milyard və şərqə daşınan yüklər üzrə isə 4.5 milyard olmaqla, ümumilikdə 9.6 milyard dollar zərərə səbəb olub. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyalarının, o cümlədən Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik”.
Özbəkistan və Türkmənistan prezidentləri səviyyəsində Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarının müzakirəsi deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadədə marağı böyükdür. Zəngəzur dəhlizi ilə bağlı digər bir qeyd olunması vacib olan məqamlardan biri də Aşqabat müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Qeyd edim ki, Aşqabat müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər”.
Analitik qeyd edib ki, Zəngəzur dəhlizinin bir parçası olacaq həm dəmir yolunun həm də avtomobil yolunun inşasına dair işlər sürətlə reallaşdırılmaqdadır:
“Tarixi torpaqlarımızdan keçəcək olan dəhlizə Qarabağ regionu daxilində magistral avtomobil yollarının birləşdirilməsi aparılan işlərin kompleks təbiət ilə implementasiya edildiyindən xəbər verir. Belə ki, 101,9 km 2 hərəkət zolaqlı “Zəfər Yolu”-nun inşası Füzuli rayonu ilə Şuşa şəhərini əlaqələndirməklə Qarabağ regionunda sosial-iqtisadi əlaqələrin dirçəlməsinə imkan yaradacaqdır. 123,8 km və 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu, 70 km və 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yolu, 73 km və 2 hərəkət zolaqlı Kəlbəcər-Laçın yolu, 13 km və 4 hərəkət zolaqlı Füzuli-Hadrut yolu, 45 km və 4 hərəkət zolaqlı Bərdə-Ağdam yolunun inşası Qarabağ regionunun, o cümlədən, Azərbaycanın nəqliyyat dəhlizlərinə çıxışını çoxşaxəli etməklə buradan keçəcək xətlərin önəmini də artıracaqdır.
Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya və İran “3+3” formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Uzun illərdir, beynəlxalq maliyyə institutları, xarici dövlətlər, hətta, Ermənistan dövləti belə İran və Ermənistandan keçməsi nəzərdə tutulan və 3.5 milyard ABŞ dolları dəyərində olan yeni dəmir yolu xəttinin maliyyələşdirilməsinə nail ola bilməyiblər.
Belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq”.