Xəbər - Sədrəddin Ağcayev – Trend:
Türk dünyasının birləşməsi rolunu oynayacağı Zəngəzur dəhlizi
yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji
əhəmiyyətə malik olacaqdır. Söhbət 1,1 trilyon dollardan çox
nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və
iqtisadi baxımdan birləşdirəcək bir dəhlizdən gedir.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan
Məmmədov “Post-pandemiya dövründə iqtisadi artımın stabilləşməsi
zamanı kiçik və orta müəssisələrin innovativ fəaliyyəti” mövzusunda
konfransda deyib.
“İlk növbədə, iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi,
gözlənilməz şoklara qarşı hazırlıq səviyyəsinin artırılması və
müasir, rəqəmsal texnologiyalara əsaslanan biznes mühitinin inkişaf
etdirilməsi prioritet məsələlərə çevrilib. Bu baxımdan, innovativ
və yüksək texnolojı idarəetmə yanaşmaları, habelə yaşıl
iqtisadiyyat prinsipləri qarşıdakı onilliklərdə qlobal iqtisadi
inkişafın və investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək
amillər olacaq. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və
orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Hazırda ölkə
başçısı tərəfindən təsdiq edilmiş 2030-cu il üzrə Milli
Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf
strategiyasının tamamlanması üzərində işlər gedir. Sözügedən
strategiya post-pandemiya və post-münaqişə dövründə ölkə
iqtisadiyyatının, o cümlədən KOB sektorunun inkişaf
istiqamətlərinin əsas konturlarını müəyyən edəcək”, – deyə o
bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorunda rəqabətqabiliyyətli
istehsalın, məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması
üçün daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik
sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya
çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır.
“Sahibkarlığın həm agentlik, həm də dövlət tərəfindən dəstəyi
istiqamətində işlər davam etdiriləcək”, – O.Məmmədov deyib.
(Tərcümə: Orxan Nəbiyev)