Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

10 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə özündə doqquz bəndi əks etdirən bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapituliyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əlyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. M.Əfəndiyev bildirib ki, bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir:

“Dünyanın qarşılaşdığı və yaşadığımız koronavirus pandemiyası ilinin, zəfər çaldığımız İkinci Qarabağ müharibəsinin yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun, habelə tərəqqiyə doğru yol tutmuş dost dövlətlərin sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir”.

Deputat vurğulayıb ki, imzalanmış bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın qəbul olunması Azərbaycan xalqının multikultural dəyərlərə və tolerantlıq ideologiyasına sədaqətinin rəmzi, habelə bəndin müəllifi olmuş Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin bariz nümunəsidir:

“Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq. Bu dəhliz eyni zamanda beynəlxalq yük daşımaları vasitəsilə ticari dövriyyənin, xalqlar arasında mədəni əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və yaxşı yaşamalarına şərait yaradacaqdır.

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu.

Tarixi torpağımız olan Zəngəzurun üzərindən dəhlizin bərpası regionda həm də yeni siyasi-coğrafi ədalətin zəfərinə yol açmaqdadır. Doğrudan da bu dəhlizin tərəqqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə də dəlalət edir”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi dünya dövlətlərinin 2030-cu ilədək rəhbər tutduqları universal sənəd olan “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) tam cavab verir:

“Belə ki, ölkəmiz türkdilli, habelə dünya xalqları arasında inteqrasiyanın gücləndirilməsində əsaslı rol oynayaraq dayanıqlı inkişaf məqsədlərinin təməlini təşkil edən sülh və rifah (DİM16), xalqlar və dövlətlərarası əməkdaşlığın davamlı təmininə (DİM 17) nail olacaqdır. Dəhlizin yaradacağı iqtisadi potensial isə öz növbəsində layiqli əməyin təşviqinə, iqtisadi artıma (DİM8) və yoxsulluqla mübarizəyə (DİM1) əsaslı zəmin yaradacaqdır”.

Teqlər: