Zəngəzur dəhlizi regionun qaçılmaz reallığıdır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbənin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. Bu amil 2020-ci il noyabrın 10-da Moskvada imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapıb. Bu gün Zəngəzur dəhlizi regionun qazılmaz reallığıdır. Dəhlizin açılışı ilə Çindən başlayan, Xəzər regionundan Türkiyəyə, oradan isə Şərqi Aralıq dənizi və Şimali Avropa istiqamətində dünyanın ən böyük ticarət dəhlizi yaradıla bilər.

Rusiyalı siyasi analitik Pavel Kloçkov AzerTimes-a bildirib ki, həqiqətən də Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb və siyasətdə realist olan hər kəs bunu etiraf etməyə hazırdır.

“Əldə olunanlar da qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Əlbəttə ki, Zəngəzur dəhlizinin böyük potensialı var və məhz diplomatik xarakterli səylər, yeni iqtisadi layihələrin inkişafı regionda təhlükəsizliyi böyük ölçüdə təmin edə bilər. İqtisadi tərəflər də daxil olmaqla, bundan faydalanan tərəflər nə qədər çox olarsa, bu regionun sabitliyini hər-hansı bir sınaqdan keçirmək istəyini bir o qədər azaldar”, – ekspert qeyd edib.

Kloçkov hesab edir ki, iqtisadi layihələr və düzgün diplomatiya hazırda bütün regionun sabitliyinin açarıdır.

“Yüksək səviyyəli razılaşmalar və real iqtisadi layihələr hazırda vəziyyəti dönməz edir. Bilirəm ki, bu istiqamətdə kifayət qədər faydalı işlər görülür”, – deyə o əlavə edib.

Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov hesab edir ki, Zəngəzur dəhlizi açılmalıdır.

“Ermənistanda başa düşməlidirlər ki, bu dəhlizin açılması yerli iqtisadi əlaqələrin qurulmasının vacib hissəsidir, bunuda bərpa etmədən, o cümlədən Ermənistanda, iqtisadi artım da mümkün deyil. Zəngəzur dəhlizi lazımdır və o, olacaq”, – Koltaşov vurğulayıb.

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələrinin iqtisadi maraqlarına cavab verir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub kimi marşrutların vacib bəndidir və bu baxımdan Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb marşrutlarının kəsişmə nöqtəsi olduğu üçün özünəməxsus rol oynayır. Bu dəhlizin yaradılması bütün regionda nəqliyyat kommunikasiyalarının inkişafına böyük təsir göstərəcək. Zəngəzur dəhlizi Cənubi Qafqazda nəqliyyat inteqrasiyasının genişləndirilməsinə kömək etməklə yanaşı, Asiyadan Avropaya ən qısa quru yolu təmin edəcək.

Teqlər: