Xəbər - Cani Babayeva – Trend:
Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir. Bu dəhliz Ermənistana tranzit iqtisadiyyatında öz potensialını reallaşdırmağa imkan verəcək.
Bunu Trend-ə rusiyalı iqtisadçı Vasili Koltaşov deyib.
Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrin fəallaşmasına və sadələşməsinə ehtiyac duyur: “Bir dəhlizin işini təmin etməklə digər proqramlara qoşulmaq, onları işə salmaq olar. Bir sözlə, Ermənistan iqtisadiyyatının Avrasiyada inteqrasiya və ticarət proseslərinə daha çox cəlb olunması üzərində işlər görmək olar”.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistana bir sıra üstünlüklər verəcək: “Ermənistan üçün ilk sırada iqtisadi maraqlar dayanmalıdır. Daha sonra siyasi münasibətlərin həlli gəlməlidir”.
Ukraynalı ekspert, iqtisadçı Aleksandr Oxrimenko vurğulayıb ki, Ermənistanda qarşıdurmanın davam etməsini istəyən və Zəngəzur dəhlizinin işə salınmasını “xəyanət” kimi qəbul edən siyasətçilər var: “Ən başlıca problem də məhz budur. İqtisadi baxımdan regionda problemlərin həlli yolları göz qabağında olsa da, siyasi intriqalar bu məsələləri həll etməyə imkan vermir”.
Ekspert hesab edir ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: “İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistana lazımdır və ona koronavirusla bağlı yaranmış böhranın öhdəsindən gəlməkdə kömək edəcək. Dəhliz investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin bərpasına imkan yaradacaq. Bu dəhliz iqtisadi əlaqələrin bərpası baxımından Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük imkanlar açacaq. Zəngəzur dəhlizi, xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edəcək”.
(Tərcümə: Orxan Nəbiyev)