“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə reallaşdırdığı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr bir daha göstərdi ki, dünyanın aparıcı gücləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdə çox maraqlıdırlar. Başqa sözlə deyilsə, Azərbaycan qalib dövlət və yeni regional reallıqların müəllifi kimi dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bu marağı şərtləndirən bir neçə əsas səbəb vardır ki, bunlardan da ən mühümü Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədir. Bu Qələbə əslində özü-özlüyündə xarici dövlətlərin ölkəmizlə əməkdaşlığa daha çox maraq göstərmələrini təmin edən bir neçə səbəbi formalaşdıran amil kimi çıxış etmiş oldu. Azərbaycanın qalib dövlət kimi öz ərazilərini işğaldan azad etməsi və ölkənin ərazi bütövlüyünün bərpası, regionda yeni reallıqların yaranması və bu müstəvidə yeni əməkdaşlıq və inkişaf perspektivlərinin formalaşması, Cənubi Qafqazda istənilən enerji və ya logistik layihənin Azərbaycanın iştirakı olmadan həyata keçirilməsinin qeyri-mümkünlüyü bu səbəblərdən ən vacibləridir.”
Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Vətən müharibəsi başa çatdıqdan sonra dünya güclərinin Cənubi Qafqaza baxışlarının artıq yeni prizmadan formalaşdığını vurğulayan millət vəkili qeyd edib ki, Azərbaycanın tarixi Qələbəsi ilə regionda yaranmış yeni reallıqlar həm də yeni imkanlarla dünyanın diqqətini cəlb etməkdədir: “Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş ölkələri və beynəlxalq təşkilatlar bu reallıqları artıq qəbul edirlər və bu əsasla ortaya çıxan yeni iqtisadi imkanlardan yararlanmaq məqsədilə Azərbaycanla əməkdaşlıq etmək üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərbi qüdrətini ortaya qoyaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bununla da bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionunda hər hansı bir beynəlxlq layihənin gerçəkləşdirilməsi üçün müraciət olunacaq tək ünvanın Azərbaycan olduğu hər kəsə bəllidir deyərkən, ağla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi videokonfransın gedişində etdiyi çıxışda Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan hər cür konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığa açıq ölkədir və gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ölkəmiz, dövlətimiz artıq bir çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin əksəriyyəti 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb və Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev öz çıxışında bir daha humanistlik nümayiş etdirərək yaranmış iqtisadi imkanlardan Ermənistanın da yararlanmaq şansı ola biləcəyini vurğuladı: “Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.” Artıq Ermənistan da dərk etməlidir ki, bu regional layihələrin reallaşması ilk növbədə Ermənistanın özünün böhrandan çıxması və xaosa yuvarlanmaması üçün bu ölkənin yeganə şansıdır.”
Daha sonra Kamaləddin Qafarov Prezident İlham Əliyevin Avropa İttifaqı ilə bağlı, xüsusən də Aİ ölkələrinin Cənubi Qafqazda rolu barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi videokonfransın gedişində Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərdə iştirakını və rolunu yüksək dəyərləndirən dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Bir neçə il əvvəl Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında razılaşma paraflanıb ki, bu da münasibətlərin formalaşmasında və inkişafında çox mühüm mərhələdir. Həmçinin Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Dövlət başçımız tərəfindən xüsusi olaraq vurğulandı ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar açır. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamağa başlayıb.
Sözsüz ki, Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiyə ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılardan biridir. Məhz bu səbəbdən, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi olduqca vacib məsələlərdən biridir.”