Qəhrəmanmaraşda baş verən birinci zəlzələ 7,7 bal gücündə olub və 80 saniyə davam edib. Yəni belə güclü zəlzələlərdə qeyd etdiyimiz müddət olduqca uzundur.
Bu sözləri AzerTimes-a Türkiyədə baş verən zəlzələnin böyük dağıntı və tələfatlarla nəticələnməsinin səbəbləri haqqında danışan Yıldız Texnik Universitetinin Təbiət Elmləri Araşdırma Mərkəzinin sədri, professor Şükrü Ərsoy deyib.
Alim eyni zamanda relyef amilindən də danışıb:
“Təbii ki, dağıntıların böyüklüyü ancaq zəlzələlərin başvermə müddəti ilə bağlı deyil. Son zəlzələnin ocağı yerin 7 km dərinliyində olub. Bu, yığılan enerjinin Yer səthinə daha yaxın şəkildə yayılmasını təmin edib. Digər tərəfdən relyef faktoru da önəmlidir. Relyefin pis olduğu yerlərdə zəlzələ binalara ciddi təsir göstərib və dağıntılar daha çox baş verib. Burada əsas faktorlar zəlzələnin gücü, başvermə müddəti, relyef, eyni zamanda bəzi binaların mövcud qanunların, qaydaların, standartların tələblərinə cavab verməməsidir. Dağıntıların çox olduğu bölgələrdə bəzi binaların inşası zamanı mühəndis xətalarının olduğu istisna deyil. Bəzi binalar isə uzun müddət əvvəl və öz dövrünün tələblərinə görə tikilib. Lakin onlar sonradan yeni tikinti qanunvericiliyinə və standartlara uyğun şəkildə möhkəmləndirilməyib. Yəqin ki, zəlzələnin nəticələri aradan qaldırıldıqdan sonra bütün sadaladığımız məsələlər dövlətin aidiyyəti qurumları tərəfindən araşdırılacaq və lazımi hüquqi qiymət veriləcək”.
Ərsoy Yaponiyadakı zəlzələ ocaqlarının Türkiyədəkilərə nisbətən çox dərində olduğunu vurğulayıb:
“ Yaponiyadakı zəlzələlərlə müqayisə məsələsinə gəldikdə isə deyə bilərəm ki, orada zəlzələlər daha tez-tez və güclü olur. Məsələn, bəhs etdiyimiz ölkədə 9 bal gücündəki zəlzələlərin başvermə riski daha çoxdur, Türkiyədə isə zəlzələnin maksimum gücü 8 baldır. Yaponiyada zəlzələ ocağının dərinliyi 130 km-ə çatır. Türkiyədə isə bu məsafə maksimum 30 km-ə qədərdir. Əlbəttə, Yaponiyanın böyük zəlzələ və təbii fəlakətlərə davamlı bina inşası təcrübəsi var. Lakin fikrimcə, bu məsələ ilə bağlı bəhs etdiyimiz amillər də nəzərdən qaçmamalıdır”.