Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq mal ixrac etmişik, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxalımız olub.
AzerTimes xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Türkiyə eyni zamanda ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır:
“3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminin 1/3-i Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır.
“Əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə ixracatımızn strukturuna diqqət yetirsək, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıqda bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində düşüşlər olmazsa, Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi azalma gözlənilmir”.