Şuşa. Fərid Zöhrabov – Trend:
Sentyabrın 12-də QHT təmsilçiləri və media nümayəndələrinin Şuşaya növbəti səfəri baş tutdu.
Səfərə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təşkilatçılıq edirdi.
Şuşaya səfər edəcəyimi eşidəndə həyəcanlı və sevincli idim. Çünki Şuşanı ancaq televiziya kanallarında görmüşdüm.
Avtomobilimiz Şuşaya çəkilən Zəfər yolu vasitəsilə qədim şəhərə qalxdıqca Şanlı Ordumuzun qələbə üçün necə əziyyətlərdən keçdiyini təsəvvür etmək olur. 44 günlük müharibədə Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun bu əməliyyatı hərb tarixinə düşəcək bir qəhrəmanlıqdır.
Şuşaya çatırıq. İlk gedəcəyimiz yer şəhərin yaxınlığında yerləşən Cıdır düzü olur. Burada ta qədimdən cıdır yarışları keçirilib. Cıdır düzündən Daşaltı dərəsinə möhtəşəm mənzərə açılır.
Cıdır düzünün yaxılığında Vaqifin məqbərəsi yerləşir.
1992-ci ilin may ayının 8-də Şuşa şəhəri erməni vandalları tərəfindən işğal olunanda məqbərə məhv edilmişdi. Şəhər işğaldan azad olunduqdan sonra məqbərə əvvəlki kimi bərpa olunub. Məqbərə ilə ətraflı tanış olduqdan sonra Gövhər Ağa məscidini ziyarətə gedirik. Məsciddə şəhidlərimiz üçün dualar oxunur.
Şuşanın digər tarixi yerləri ilə də tanış oluruq.
Şuşanın çox böyük turizm potensialı var. Şəhər təbiəti, saf havası, müalicəvi məkanlarına görə kurort yeri hesab olunur. Şuşanı gəzdikcə buranın minlərlə turistin sevimli məkanına çeviriləcəyinə əmin oluruq.
30 ilə yaxın işğal altında olan Şuşa erməni vandalizminə məruz qalıb.
Şəhər azad olunduqdan sonra yaşayış binaları, abidələr, infrastruktur obyektləri restavrasiya olunur. Şuşanı işğaldan əvvəlki vəziyyətinə qaytarmaq üçün intensiv iş gedir.
Şuşanın baş planına əsasən şəhər 6 məhəllədən ibarət olacaq. Hər məhəllə üzrə təxminən iki min iyirmi sakinin yaşayacağı nəzərdə tutulub. Tezliklə bu işlər yekunlaşacaq və Şuşa sakinləri öz doğma yurdlarına qayıdacaqlar.
Fərid Zöhrabov
Trend