Zəfər zirvəsindən son 18 ilə baxış

Artıq daha bir ilin sonuna saylı günlər qalır. İllər bir-birini əvəzlədikcə, zaman məsafəsi artdıqca keçilən yolun düzgün təhlili və dəyərləndirilməsi üçün daha geniş imkanlar yaranır. Bir yazı çərçivəsində son 18 ilin uğurlarını əhatə etmək mümkün olmasa da “18 il ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana nə verdi” sualı ilə 18 illik yola çıxaraq tariximizə yazılan önəmli hadisələrin qısa xronologiyasını təqdim etməklə dünənimizə baxış fonunda gələcəyimizin ümumi mənzərəsini təqdim etmək istədik.

Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı

Müstəqilliyimizin bərpasının 30 ilini mərhələlərə bölsək ilk illər tariximizin qara səhifəsi kimi təhlil edilir. İkinci mərhələ ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, üçüncü mərhələ Böyük Yolun davamı-Ümummilli Liderin 2003-cü ildə xalqa inam və etimadın ünvanını göstərməsindən başlanan dövrdür.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar, Ümummilli Liderin hakimiyyətə qayıdışını şərtləndirən amillər hər kəsin yaddaşında olmaqla yanaşı, gələcək nəsillərin dolğun məlumatlandırılması üçün tarix dərsliklərində də öz əksini tapıb. Son 18 ilin uğurlarına yol açan məhz ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməldir. 1993-2003-cü illəri əhatə edən dövrdə görülən işlərin miqyası o qədər geniş, müstəqil Azərbaycanın gələcəyi ilə bağlı hədəflər o qədər böyük idi ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlı əllərdə olması olduqca vacib idi. Prezident İlham Əliyev 17 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda həmin dövrün mənzərəsini belə təqdim etmişdir: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu. O vaxtdan bu günə qədər o hakimiyyət tarixin zibilxanasındadır.” Eyni zamanda, bu fikirlərin davamı olaraq qeyd etmişdir ki, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu çağırışdan və xalqın 2003-cü ildə keçirilən prezident seçkilərindəki seçimindən bizləri 18 illik zaman ayırır. Bu illərin Azərbaycanın həyatına gətirdiyi yeniliklər, dünyanı təkmil inkişaf modelinə söykənən uğurları ilə heyrətləndirməsi xalqın seçimində yanılmadığını təsdiqləyir. Məhz bu illər ərzində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın qüdrətinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həyatına daxil oldu. Məhz görülən uğurlu işlərin nəticəsi olaraq Azərbaycan xalqı ötən 18 ildə keçirilən 2008, 2013 və 2018-ci prezident seşkilərində cənab İlham Əliyevə etimad göstərərək bugünkü qalib Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə yol açmışdır.

Davamlı inkişafı təmin edən fundamental nailiyyətlər

2003-cü ildə açıqlanan hədəflər sırasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi əsas yer tutdu. Dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atdı. İqtisadi artımın neft sektorundan asılılığını minimuma endimək üçün regionların malik olduğu imkanlardan maksimum bəhrələnmək məqsədilə Regional inkişaf proqramları təsdiqləndi və icra edilir. Bununla da regionlarımızın yeni mənzərəsi yaradıldı. Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk dövründə 24 noyabr 2003-cü lil tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzalamışdır. Bunun ardınca regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramı təsdiqləndi. Bu sənəd Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Birinci proqramda əsas hədəflərdən biri 600 min yeni iş yerinin yaradılması idi. Təbii ki məqsəd işsizlik probleminin həlli, insanların məşğulluğunu təmin etmək idi. Sənədin icrasının ilk illərində nəzərdə tutulan sayda yeni iş yerinin yaradılması növbəti mərhələlər üçün yeni hədəflərin müəyyənləşdirilməsini zərurətə çevirdi. Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını- “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını”, 27 fevral 2014-cü il tarixli Fərmanı ilə III “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənmişdir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Sənədin icra edildiyi iki ilin sosial-iqtisadi göstəricilərinin qənaətbəxş olması bölgələrimizin simasından, vətəndaş məmnunluğundan daha aydın görünür.

Təbii ki, qeyri-neft sektorunun uğurlu inkişafı Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlara əsaslanır. Bunun üçün ölkəmizin son 18 ildə enerji sektorunda qazandığı uğurların xronologoyasına diqqət yetirmək kifayətdir. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Respublika Günündə çatmasının öz rəmzi mənası olduğunu bildirən dövlət başçısı İlham Əliyev xalqa təbrikində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu təsəvvür etmək çətin deyildi. Prezident İlham Əliyev dövlət müstəqilliyimizin qorunmasında “Əsrin müqaviləsi”nin böyük rolu olduğunu qeyd etmişdir.

2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoydu.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısıdır. 2003-2018-ci illərdə qaz sektorunda əldə olunan uğurlara nəzər salaq. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirildi. 4 il sonra, 2018-ci il mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu. 2020-ci il dekabrın 31-də TAP layihəsi tamamlanaraq istifadəyə verildi. Qısa xronologiya ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sektorunun bu günü və gələcəyi üçün hansı uğurlara imza atıldığının aydın mənzərəsini yaradır. Nəzərə alsaq ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsas faktordur, bu halda uğurlarımızın önəmi daha aydın görünür. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb.

Azərbaycanın uğurları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi kimi yer alır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bu, ölkəmizin bu gününə və gələcəyinə inamın təqdimatıdır.

18 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin, sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımından diqqətçəkəndir

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi üçün mühüm addımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki, demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisadi tərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadi inkişaf yüksəkdir, demokratiyanın inkişafından danışmaq çətindir. Amma Azərbaycan müsbət mənada hər iki baxımından diqqətdədir. Ölkəmizdə demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələbləri islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır.

Ölkə Prezidenti İlham Əliyev dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti yaratdı. Atılan addımlarda bu reallıq öz əksini tapdı ki, bu əməkdaşlıq daha çox ümummilli məsələlərdə daha vacibdir. Dövlət başçısı bu çağırışı etdi: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Prezident İlham Əliyevin bu çağırışı ulu öndər Heydər Əliyevin “Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə-Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir” fikrinin davamı kimi dəyərləndirildi. Son 18 ildə siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi həyata keçirilən islahatların strateji hədəflərinə çevrilib. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir. Ölkədə aparılan islahatlar kursunun tərkib hissələrindən biri kimi 2019-cu ildə Prezident Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Şöbənin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasi dialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasi həmrəyliyin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir.

Bu birlik, həmrəylik dünyaya səs salan 44 günlük İkinci Qarabağ savaşında özünü daha aydın nümayiş etdirdi. 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini və onun ətrafında birləşdiklərini imzaladıqları birgə Bəyanatda ifadə etdilər. Eyni birlik bu ilin iyun ayında Qarabağın tacı Şuşanın şahidlik etdiyi Şuşa Bəyannaməsinin imzlanmasında da nümayiş olundu. 50-dən artıq siyasi partiya iki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına dəstəklərini ifadə edən Bəyanatı imzaladılar.

Son 18 ildə ölkəmizdə demokratik islahatların dərinləşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri olub. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atılıb. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 18 ildə humanizm prinsiplərinə söykənərək imzalanan əfv Sərəncamlarından, həmçinin qəbul olunan Amnistiya Aktlarından da aydın görünür. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza 2003-cü ildən bu günədək iki dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur.

Bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur.

Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilir və davamlığı təmin edilir.

Yeni Azərbaycan Partiyası ölkədə siyasi sistemin təkmilləşdirilməsində mühüm rol oynayır

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə daim ölkəmizin inkişafına, siyasi istemin təkmilləşdirilməsinə öz töhfələrini verir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III Qurultayında Sədr seçilən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu illər ərzində keçdiyi inkişaf yolu göz qabağındadır. Məhz partiyanın ölkə daxilində, eyni zamanda hüdudlarından kənarda qazandığı nüfuza əsaslanaraq dövlət başçısı İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. Yeni Azərbaycan Partiyasının son illərdə ölkədə həyata keçirilən islahatlar kursunun dərinləşməsinə töhfə vermək üçün irəli sürdüyü təşəbbüslərə, qəbul etdiyi qərarlara diqqət yetirmək kifayətdir. 2019-cu ilin sonlarında islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edən Yeni Azərbaycan Partiyasının bu qərarı təqdir edildi və Prezident İlham Əliyevin Sərəncamı ilə 9 fevral 2020-ci il tarixə növbədənkənar parlament seçkiləri təyin edildi. Yeni formalaşan parlament siyasi partiyalar arasında hazırda mövcud olan sağlam dialoq mühitinin təqdimatında da əhəmiyyətli rol oynadı.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanıldı. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda 2021-ci ilin 5 mart tarixində VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu və bununla da partiya Sədrinin Birinci müavini vəzifəsi təsis edildi. Yeni tərkib formalaşdı.

Zəfərimizin yaratdığı yeni reallıqların qarşıya qoyduğu vəzifələr zamanında uğurla icra ediləcək, Azərbaycanın qarşısında geniş imkanlar açılacaq, azadlığına qovuşmuş torpaqlarımız cənnət məkana çevriləcək. Yeni Azərbaycan Partiyasının hər bir üzvü görülən işlərə töhfəsini vermək üçün səylə çalışır, Heydər Əliyev ideyalarının təbliğatçısı olmaqdan qürur hissi keçirir. Partiya 30 illik yubileyinə yeni qərarları ilə qədəm qoydu.

Qalib ordu və mübariz gənc nəsil formalaşdırıldı

Hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri ordu quruculuğudur. Müharibə şəraitində yaşayan bir ölkə üçün isə güclü, qüdrətli ordunun olması mütləqdir. Məhz bu baxımdan, 2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət göstərdi. Ən əsası hökumət qarşısında bu vəzifə qoyuldu ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabər olmalıdır. Son 18 ilin uğurları bu vəzifənin də uğurlu icrasını təsdiqlədi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silahlı Qüvvələr Günündə keçirilən hərbi paradlar, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq müdafiə sərgiləri ordumuzun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Milli Ordumuzun nizam-intizamı, təchizatı ilə qürur duyan Azərbaycan xalqı əmin idi ki, torpaqlarımızın işaldan azad olunacağı gün uzaqda deyil.

Bu mühüm məqamı da xüsusi qeyd edilməlidir ki, orduya qayğı, döyüş qabiliyyətinin artırılması vacib amillərdir. Əlbəttə ki, bu amillər sırasında vətənpərvərlik, torpağa bağlılıq da əsas yer tutur. Ölkə Prezidenti daim hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bildirir ki, buna bütün rəhbər heyət cavabdehlik daşıyır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, müstəqilliyin qədrini bilməlidirlər.

44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin göstəricisidir. Prezident İlham Əliyevin son çıxışlarının, Vətən müharibəsi dövründə xalqa müraciətlərinin mahiyyətində dayanan əsas məsələlərdən biri məhz müharibənin qəhrəmanlarının 2003-cü ildən, yəni, cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərin olmasıdır. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrinin yüksək səviyyədə yerinə yetirən Azərbaycan Ordusu 44 gündə yazdığı tarixlə illərdir torpaqlarımızın işğal altında qalmasından nə qədər mənəvi sarsıntı keçirdiyini nümayiş etdirdi. “Artıq yetər” deyib silaha sarılaraq öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqində əks olunan bu əminliyi yada salmaq istərdik: “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.”

Aprel döyüşləri, Lələtəpə əməliyyatı, Günnüt uğuru düşmənə zərbə olmaqla bir həqiqəti də dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi bunun təsdiqi oldu. Düşmən diz çökdürüldü, kapitulyasiya aktına imza atdı, illərdi yaratdığı “yenilməz erməni ordusu” mifi dağıdıldı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır.

Azərbaycan 18 ildə dünyaya ədalət çağırışını etdi, haqq səsini ucaltdı

Son 18 ilin uğurlarından bəhs edərkən xarici siyasətdə qazanılan nailiyyətləri xüsusi vurğulamaq lazımdır. Böyüklüyündən, kicikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran, açıq və çoxşaxəli siyasət kursu həyata keçirən Azərbaycan hazırda regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi diqqətdədir. Azərbaycan son illərdə yeni dostlar, tərəfdaşlar qazanıb. Xarici siyasətində qonşu, eyni zamanda, Avropa dövlətləri ilə əlaqələrə xüsusi önəm verən Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqət çəkir. Təbii ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sistemində böyük rola və nüfuza malik olan Azərbaycanı 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Azərbaycan BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma iki illik sədrlik ölkəmizə həvalə olunub. Bu il Qoşulmama Hərəkatının üzvlərinin qərarı ilə Azərbaycanın quruma sədrliyinin müddəti bir il də artırıldı. Bu, ölkəmizin ədalətin, beynəlxalq hüququn müdafiəsinə, ən əsası dünyanı bürümüş koronavirus infeksiyası ilə mübarizədə fəal iştirakına, təşəbbüsləri ilə dünyaya etdiyi çağırışlara əsaslanır. Azərbaycan qlobal problemlərin həllində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi də ölkəmizə dəstəyin aydın mənzərəsini yaradır.

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayan Azərbaycan ən yüksək tribunalardan haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu bəyan edərək daim dünyadan ikili standarta əsaslanan siyasətə son qoymağı tələb edir. Bu məqam daim önə çəkilirdi ki, bəzən BMT qətnamələri çox az müddətdə icra edilir, Azərbaycana gəldikdə illərlə gözləməli oluruq. Bu, ikili standartdır. Bu, ədalətsizlikdir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində bu ədalətsizliyə son qoyuldu. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında bəyan etdiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük Vətən müharibəsinin rəmzinə çevrildi.

Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu illər ərzində münaqişənin həllində möhkəm hüquqi baza formalaşmışdır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəyişməz mövqeyimizi bəyan edirdi- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edən Azərbaycan bir daha bu reallığı sübut etdi ki, beynəlxalq münasibətlərdə güc və hüquq əsas rol oynayır.

Azərbaycan Zəfər zirvəsini fəth etdi

44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə möhkəm təməl üzərində son 18 ildə görülən işlərin nəticəsi oldu. Azərbaycan bu illər ərzində ərazi bütövlüyümüzün bərpasına hazırlıq işlərini gördü. Ölkəmizin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün 44 günlük Vətən müharibəsi nəticəsində bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bərpa və quruculuq işləri geniş vüsət alıb. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard dollar ayrılmışdır. 2022-ci ildə isə bu işlərə 2 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub. Üç hava limanının inşası, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyona yaxın insanın doğma yurdlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparılıb, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Hər bir sənəd Böyük Qayıdışı yaxınlaşdırmaqla yanaşı, qarşıdakı illərin aydın mənzərəsini yaradır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı möhtəşəm uğurlar gözləyir.

Hər bir vədinin əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını 30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada əbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri əbədi gəlişin təsdiqidir.

Azərbaycanımız daha yüksək zirvələri fəth edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, bu gün Azərbaycanın cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasəti bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Bu nikbinliyə əsas verən 1993-cü ildən başlanan yolun Azərbaycana qazandırdığı böyük uğurlardır.

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri,
siyasi elmlər doktoru

Teqlər: