“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.
AzerTimes-ın məlumatına görə, layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib. Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları Şəhidlərimizin əziz xatirəsini yad etmiş, Ana Vətənin azad olması münasibəti ilə sevinc hisslərini bölüşmüşlər. Çıxışçılar qeyd ediblər ki, xalqımız hər zaman Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olub. Hər qarış torpaq uğrunda şəhid qanı axıb. 30 il ərzində apardığımız mübarizə Vətən müharibəsində qalibiyyətimizlə yekunlaşdı və torpaqlarımız qəhrəman övladlarımızın şücaəti sayəsində azadlığına qovuşdu.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərimizin 1-ci ildönümündə yekunlaşacaq.