Xəbər - Çingiz Səfərli -Trend:
Zəfər Yarmarkasına hər gün minlərlə insan axın edir.
Bunu Trend-də açıqlamasında “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib. O bildirib ki, bu gün yarmarka çərçivəsində müxtəlif tədbirlər keçiriləcək:
“Artıq Zəfər Yarmarkasının son günləridir. Bu gün Türkiyədən gələn hərbi orkestrin çıxışı, pəhləvanların tamaşası, müxtəlif tədbirlər və gecəyə doğru da hərbi vətənpərvərlik ruhunda konsert proqramları təşkil olunacaq.
Hər gün minlərlə insanın axın etdiyi yarmarka sabah yekunlaşacaq. Bütün bu müddət ərzində burada 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş etdirilib. Yaxınlaşan vətəndaşlara silah, texnika və avadanlıqlar barədə ətraflı məlumat verilir. Yarmarkanın ikinci hissəsi isə satış hissəsidir. Burada müxtəlif şirkətlər öz məhsullarını satışa çıxarıblar. Satış hissəsində qida məhsulları, kitablar, zəfər simvolikasına aid suvenirlər və digər əşyalar var. Vətəndaşlar həmin məhsullardan almaqla, “YAŞAT” Fonduna da ianə etmiş olurlar”.
Qeyd edək ki, Zəfər Yarmarkası oktyabrın 29-da başlayan yarmarka Dənizkənarı Milli Parkın ərazisində, Kukla Teatrının arxasında keçirilir. Yarmarka noyabrın 9-dək davam edəcək.