Zəfər Qurultayının nümayəndələri dünya azərbaycanlılarına müraciət edib

Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələri dünya
azərbaycanlılarına müraciət ünvanlayıb.


Trend
-in məlumatına görə, sənəd aprelin 23-də Şuşa şəhərində
keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qəbul
edilib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Hörmətli soydaşlarımız!

Biz, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V
Qurultayının iştirakçıları Sizi Azərbaycanın mədəniyyət
paytaxtından salamlamaqdan qürur duyuruq.

2001-ci il noyabrın 9–10-da Bakı şəhərində xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilmiş Dünya
Azərbaycanlılarının l Qurultayından bəri ötən müddətdə müxtəlif
ölkələrdə azərbaycanlı icmaların təşkilatlanması və
mütəşəkkilliyinin artırılması, soydaşlarımızın tarixi Vətənlə
əlaqələrinin möhkəmləndirilməsi və milli həmrəyliyimizin məzmunca
zənginləşdirilməsi üçün çox iş görülmüşdür. Ulu Öndərin xalqımıza
və dövlətimizə bağlılıq hissinə əsaslanan, milli-mənəvi və
ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən azərbaycançılıq
ideologiyası bu dövr ərzində bütün dünyadakı həmvətənlərimiz
arasında geniş yayılmışdır.

Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı
torpaqlarımızın 2020-ci il sentyabrın 27-də Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri
ilə rəşadətli Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində
qısa zamanda azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün cəmi 44
gün ərzində bərpa olunması və bununla da Ermənistanın işğalı
üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd
həsrətinə son qoyulması əslində milli həmrəyliyimizin
təntənəsidir.

2020-ci il noyabrın 8-də qürur ünvanımız Şuşa şəhərinin azad
edilməsi İkinci Qarabağ müharibəsindəki Zəfərin zirvəsi və
Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan
möhtəşəm hadisə oldu. Məhz Şuşanın işğaldan azad edildiyi tarix
Azərbaycanın əlamətdar günlər təqviminə “Zəfər Günü” kimi
yazıldı.

Vətən müharibəsində tarixi Qələbədən sonra yaranmış yeni
geosiyasi reallıq, Azərbaycanın dünyada nüfuzunun daha da
yüksəlməsi, ölkəmizin beynəlxalq məsələlərin həllində yaxından və
fəal iştirakı diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr
qoyur.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların
mədəni-siyasi birliyi və həmrəyliyi müstəqil Azərbaycan
Respublikasının strateji məqsədlərindəndir. Bu gün Azərbaycan
diasporu böyük mədəni və intellektual potensiala malikdir.
Azərbaycanlıların hazırda 33 ölkəni və 130-dan çox diaspor
təşkilatını əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.
Harada məskunlaşmalarından asılı olmayaraq, soydaşlarımızın ən
başlıca vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti
və dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan
müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan, milli dövlətimizin
dünya birliyində layiqli yer tutmasına öz əməli töhfəsini
əsirgəməməkdən ibarətdir.

Müstəqil Azərbaycanın müasir, dünyəvi və hüquqi dövlət
quruculuğu yolunda inamla irəliləməsi dünya azərbaycanlılarının
milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların
həmrəyliyinə təkan verir. Vətəndən ayrı yaşayan hər bir
azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa
həmişə hazır olan bir dövlət – Azərbaycan Respublikası vardır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Artıq bu gün dünyada
mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir.
Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm, bütün Azərbaycan
vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların
arxasında güclü Azərbaycan dövləti dayanır

Hamımızı azərbaycanlı olmaq kimi ülvi bir amal birləşdirir.
Vətəndaşlıq borcu bizi yaşadığımız ölkələr qarşısında hansı
məsuliyyətə sövq edirsə, azərbaycançılıq amalı da hər birimizi
Azərbaycan xalqı və dövləti qarşısında eyni məsuliyyətə səsləyir.
Buna görə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması soydaşlarımızın əsas vəzifələrindən biri olaraq
qalmaqdadır.

Əziz həmvətənlər!

Sizə müraciət edərək qəbul olunmuş qərarların yerinə yetirilməsi
üçün bütün imkanlarınızdan yararlanmağa, dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi naminə
qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə sağlamlıq,
firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda uğurlar
arzulayırıq”.

Teqlər: