Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu – Hikmət Hacıyev

Şuşa. Trend:

Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında
diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu.


Trend
-in məlumatına görə, bunu Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V
Qurultayında (Zəfər Qurultayı) jurnalistlərə açıqlaması zamanı
bildirib.

Onun sözlərinə görə, bu vəzifə və tapşırıqların ən vacib
istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat
və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan
həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə
onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə
təqdim olunması və aərbaycanlıların yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır.

“Vətən Müharibəsi dövründə aparılan siyasətimizə və diaspor
təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə
bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin
qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub.
Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz post-münaqişə
dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları
tərəfindən, ümumiyyətlə Azərbaycana qarşı davamlı surətdə çirkin
propaqandalar və kampaniyalar aparan müxtəlif dariələr tərəfindən
yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən
bizim diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və
vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx
birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırsınlar”, – deyə H.Hacıyev qeyd edib.

Teqlər: