“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 6 noyabr tarixində “Baku Marriott Hotel Boulevard” otelində 8 noyabr – şanlı Zəfər gününə həsr olunmuş “Zəfər Sədası” adlı tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə giriş nitqində bildirib ki, xalqımız artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. Sevinc Alızadə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Camal İsmayılovun anası Filarə İsmayılova qeyd edib ki, Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir və bu tarixi qələbəni bizə yaşadan qəhrəman şəhidlərimiz hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqlar. Vətən müharibəsi şəhidi Aslan Salmanovun atası İsrafil Salmanov isə çıxışında Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. Vətən Müharibəsi qazisi, XTQ mayoru Elşən Təhməzov da tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan bəhs edib və onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.
Rəsmi hissədən sonra Azərbaycanın tanınmış incəsənət nümayəndələri zəfər və qələbə ruhlu mahnılar ifa ediblər.
Tədbirə şəhid övladlarının ifasında sözləri və musiqisi Bakı Musiqi Akademiyasının professoru, şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya aid olan “Qəhrəman övladıyıq” mahnısı ilə yekun vurulub.