Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimat mərasimi olub (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimat mərasimi olub.

AzerTimes-ın məlumatına görə, tədbirdə deputatlar, xarici ölkələrin səfirləri, YAP İdarə Heyətinin üzvləri iştirak ediblər.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Zəfər Günü müstəqillik tariximizin ən mühüm hadisəsi, qələbə dastanıdır: “Azərbaycan multikultural ölkədir, müxtəlif xalqlar sülh şəraitində yaşayır. Vətən müharibəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin Prezident İlham Əliyevin ətrafında birləşməsi milli həmrəyliyin növbəti nümunəsİ oldu, xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi”.

T.Budaqov qeyd edib ki, bugünkü əsərlər bir azərbaycanlı rəssamın dünya ölkələrinin mədəniyyətinə baxışıdır: “Azərbaycan dövlətinin siyasi və iqtisadi qüdrəti işğaldan azad edilmiş torpaqları cənnətə çevirməyə imkan verir. Azərbaycan xalqının Zəfər salnaməsi həm də sənət adamlarının xüsusi diqqət mərkəzindədir. Xalq rəssamı Sakit Məmmədovun 8 noyabr – Zəfər Gününə həsr edilmiş əsəri xalqımızın vətənpərvərlik ruhunun gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır, belə əsərlərin yaranmasına stimul verəcək”.


YAP Mərkəzi Aparatının rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin Vətən müharibəsində Zəfərin əldə olunmasında mənəvi, siyasi dəstəyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycana və Türkiyəyə sülh, rifah arzulayıram”.

Xalq rəssamı Sakit Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində şanlı bir səhifə olduğunu vurğulayıb və sənət xadimlərinin bu şanlı tarixə hər zaman diqqət yetirəcəyini bildirib.

Teqlər: