Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında 8 Noyabr Zəfər Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzerTimes-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb, daha sonra torpaqlarımızın müdafiəsi zamanı canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbə münasibətilə əməkdaşları təbrik edib.
Qeyd olunub ki, gömrük sistemində aparılan təkmilləşdirilmələrin əsas hədəflərindən biri də gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Bu baxımdan “Nə? Harada? Nə zaman?” intellektual oyunu və digər sosial tədbirlər gömrük əməkdaşlarının intellektual səviyyəsinin yüksəldilməsi, komanda ruhunun gücləndirilməsi və komanda ilə iş bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə təşkil edilən oyunda Komitənin müxtəlif qurumlarında çalışan əməkdaşlardan ibarət 25 komanda iştirak edib. Hər biri 15 sualdan ibarət 2 tur üzrə keçirilən oyunun qalibi Tibbi Xidmət İdarəsinin “Hippokrat” komandasi olub. Komitənin mərkəzi aparatının “Kvintet“, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Dəniz” komandaları isə 2-ci, 3-cü yerlərə layiq görülüblər.
Sonda qaliblər mükafatlandırılıb.