İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Qarabağın bərpası” beynəlxalq esse müsabiqəsinin nəticələri elan edilib. Müsabiqənin şərtlərinə uyğun olaraq , İslam Əməkdaşlıq Təşkilatına üzv olan 10-dan çox ölkədən 40-a yaxın gənc iştirakçı “Biz qayıdırıq”, “44 gün ədalət uğrunda mübarizə” və “Şuşa: İslam sivilizasiyasının incisi” mövzusunda ingilis dilində esselər yazıb ekspert komissiyasına təqdim ediblər.
Ekspert komissiyasının müvafiq dəyərləndirmələrinə əsasən, 1-ci yeri Sudandan olan Rvan El-Hariri, 2-ci yeri Hindistanın müsəlman icmasından İffa Firdous, 3-cü yeri Azərbaycandan İlahə Balakişiyeva tutub, 3 nəfər gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Həm finalçılar, həm də həvəsləndirici mükafat əldə edənlərə pul mükafatları veriləcək.
Layihənin əsas məqsədi Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni, eləcə də Qarabağın Azərbaycana aid olması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd etmək lazımdır ki, öncə də mədəniyyət və incəsənət sahəsində müxtəlif beynəlxalq müsabiqələrin həmtəşkilatçısı olmuş İƏT Gənclər Forumunun ARM gələcəkdə də bu tipli müsabiqələri davam etdirməyi planlaşdırır.