“Zəfər bayrağımız etibarlı əllərdədir!” adlı tədbir keçirilib (FOTO)

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il sentyabrın 27-də respublikamızın ərazi bütövlüyünün bərpası və işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb.

İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, respublikamızın iqtisadi gücü, ordumuzun rəşadəti və dövlətimizin başçısının polad iradəsi, qətiyyəti sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, döyüşən əsgər və zabitlərimizin isə göstərdikləri şəxsi igidlik və şücaət nümunələri heç vaxt yaddan çıxmayacaqdır.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “N” saylı hərbi hissədə “Zəfər bayrağımız etibarlı əllərdədir!” devizi altında keçirilən ədəbi-musiqili tədbirdə də bu barədə ətraflı söhbət açılıb, tarixi zəfərimizi tərənnüm edən vətənpərvərlik mahnıları, barıt qoxulu şeirlər səsləndirilib, cəngavərlik rəqsləri ifa olunub, Vətən müharibəsinin iştirakçıları olan hərbi qulluqçular xatirələrini bölüşüblər.

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani işğal olunmuş torpaqlarımızın son 200 il ərzində 44 günlük Vətən müharibəmizdə ilk dəfə olaraq güc yolu ilə azad edilməsini tarixi bir hadisə kimi dəyərləndirərək deyib: “Azərbaycan olduqca zəngin, eyni zamanda geostrateji maraqların mərkəzində yerləşən bir ölkə olduğundan zaman-zaman bu diyara qoşunlar yeridilib və yadelli qəsbkarlar bu torpaq uğrunda qanlar tökərək soydaşlarımızı qılıncdan keçirib, var-dövlətimizi yağmalayıb, şəhər və kəndlərimizi yerlə-yeksan ediblər. Lakin ulu babalarımız qanları, canları bahasına Vətən torpaqlarını mərdliklə qoruyaraq döyüşkən, mübariz, yenilməz bir xalq olduqlarını döyüş meydanında təsdiq ediblər. Təsadüfi deyildir ki, hətta məşhur rus tarixçisi P.Zubov vaxtilə demişdir: “Azərbaycan alaylarını döyüş meydanında görmək lazımdır. Onlar qəzəblənmiş Allahın birdən-birə düşmən üzərinə yağdırdığı oda-atəşə, ildırıma, şimşəyə bənzəyirlər”.

Nəzərə çatdırılıb ki, Azərbaycan oğulları Vətən müharibəsi cəbhələrində həqiqətən atəşə dönərək düşmən üzərinə od ələdi, onlara sarsıdıcı, dağıdıcı zərbələr vurdu. Xüsusi təyinatlılarımızın, qəhrəman döyüşçülərimizin gücünə tab gətirməyən düşmən silah-sursat və hərbi texnikalarını, illərlə möhkəmləndirdiyi mövqelərini, hətta yaralı, həlak olan döyüşçülərini geridə buraxaraq qaçmağa məcbur edildi. Cəsur döyüşçülərimizin Şuşanın sıldırım qayalıqlarından qalxaraq düşmənə verdikləri tarixi dərs çətin ki, onların yadından çıxsın.


Tədbirdə qətiyyətlə vurğulanıb ki, Şuşaya sancılan Zəfər bayrağımız heç vaxt enməyəcək. Qoy hər kəs bunu birdəfəlik bilsin ki, Azadlıq meydanına gətirilərək Zəfər paradında nümayiş etdirilən Zəfər bayrağımız bu gün etibarlı əllərdədir və bu bayraq altında Azərbaycan əsgəri istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə hər an hazırdır.
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşünün iştirakçısı zabit Elsevər Əhmədov Müzəffər Ali Baş Komandanın həmin gün böyük iftixar hissi ilə dediyi fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Son vaxtlar Ermənistan silahlı qüvvələri bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Şuşa şəhəri, Kəlbəcər rayonu və digər istiqamətlərdə yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutması şəxsi heyəti daha da hiddətləndirib. Düşmənə vaxtında layiqli cavab verilsə də, onlar düşmənə bir daha xəbərdarlıq ediblər ki, əgər təxribat əməllərindən əl çəkməsələr Vətən müharibəsində aldıqları utancverici dərsdən də tutarlı zərbələrlə üzləşəcəklər.
Vətən müharibəsi iştirakçıları İlkin Qəribov və Emin Məmmədov döyüşçü yoldaşları adından çıxış edərək dəmir yumruğun yerində, Zəfər bayrağımızın isə etibarlı əllərdə olduğunu bildirib və hər bir Vətən əsgərinin düşmən təxribatlarının qarşısını almağa hazır və qadir olduqlarını bəyan ediblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi “Zəfər bayrağımız etibarlı əllərdədir!” adlı ədəbi-musiqili kompozisiya tədbir iştirakçılarının döyüş ruhunu və vətənpərvərlik hissini daha da yüksəldib.

Teqlər: