Zaxarovadan Zəngəzurla bağlı daha bir açıqlama

Zaxarovadan Zəngəzurla bağlı daha bir açıqlama

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir.

AzerTimes xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması 2020-2022-ci illərdə yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi əsasında qurulan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir:

“Bu məsələ ilə məşğul olmaq Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupa (ÜİQ) həvalə olunub.

Bu günədək ÜİQ-in 12 iclası keçirilib (sonuncu 2 iyun tarixində), perspektiv dəmir yolu və avtomobil marşrutları paketi təfərrüatı ilə nəzərdən keçirilib”.

O, ÜİQ-in 12-ci iclasının yekunlarına görə, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasının modallıqlarının razılaşdırılmasında irəliləyiş qeydə alındığını xatırladıb.

“Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılmasına dair ümumi razılaşma əldə olunub. Fəaliyyətimizdə qarşılıqlılıq və hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayətdən çıxış edirik”, – deyə Mariya Zaxarova əlavə edib.

Zaxarova həmçinin, kommunikasiyaların açılması yolunda müvəffəqiyyətin üçtərəfli fəaliyyətin digər istiqamətlərinə əlavə təkan verəcəyini vurğulayıb:

“Bu, o cümlədən, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, Azərbaycan-Ermənistan sərhədlərinin demilitasiyası, eləcə də, ictimai xadim və parlamentarilər arasında dialoqun başladılması ilə bağlıdır”.

Qeyd edək ki, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas ərazisi ilə ölkənin eksklavı olan Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə nəqliyyat əlaqəsinin qurulmasına yönəlib. Layihə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən 2020-ci il 2-ci Qarabağ Müharibəsinin yekunları üzrə imzalanmış üçtərəfli bəyanatda qeyd olunan razılaşmalar formasında ərsəyə gəlib.

Sazişin əsas bəndlərindən biri Ermənistanın hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkətini asanlaşdırmaqla Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasına sadiqliyini nəzərdə tutur.

Bu marşrut böyük potensiala malik olmaqla “Bir kəmər, bir yol” layihəsinin davamı, eləcə də, Şimal-Cənub dəhlizinin bir hissəsi ola bilər.

Teqlər: