“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var.
Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar.
Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub?
Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb.
Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir.
Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla.
Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları – Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı.
Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər.
İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı?
İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq.
Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır.
Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.