Rusiya Paşinyanın Qafqaz, o cümlədən Ermənistandakı siyasətini özü üçün pozuculuq olaraq görür. Moskva bilir ki, Paşinyan Rusiya hərbi bazasını Gümrüdən, hava və quru sərhədlərini Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Ona görə də Paşinyana açıq şəkildə mesaj verirlər ki, biz bunu bilirik, bu siyasətə qarşı çıxacağıq.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Qarabağla bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Zatulinin növbəti dəfə Qarabağ və sülhməramlı məsələsinə toxunduğunu vurğulayan politoloq bildirib ki, burada hədəf təkcə Paşinyan yox, həm də Azərbaycanın Qarabağdakı uğurlarıdır:
“Zatulin kifayət qədər ermənipərəst şəxs kimi tanınır, Ermənistanı, o cümlədən keçmiş Qarabağ klanını, Sərkisyan-Köçəryan dəstəsini müdafiə edir. Burada da açıq şəkildə onların marağından çıxış etdiyi bəlli olur. Zatulin demək istəyir ki, Paşinyan bu cür hərəkət eləməsəydi, rus sülhməramlıların Qafqazda qalmasına və Ermənistana dəstək verilməsinə maraqlı idilər. Yəni faktiki olaraq Qarabağ erməniləri ilə yaranan problemlərin, Azərbaycanın Qarabağda üstünlük əldə etməsinin günahkarı kimi təəssüflə Paşinyan hakimiyyəti göstərilir. Zatulin yenə də dolayı yolla Azərbaycanın ərazi bütövlüyünə, Qarabağ üzərində Azərbaycan suverenliyinə toxunub, məsələni yenidən müzakirə mövzusuna çevirmək istəyib”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, birmənalı olaraq heç kim torpaqların azad edilməsində Azərbaycana mane ola bilməyəcəkdi:
“Zatulin hər şeydə Paşinyanı günahlandırır, Qarabağın “itirilməsi”ndə onu məsul görür, Ermənistanda onun yox, məsələn Köçaryan və ya Sərkisyanın hakimiyyətdə olacağı halda Rusiyanın Azərbaycana öz ərazilərini işğaldan azad eləməyə imkan verməyəcəyini bildirir. Əlbəttə ki, bu, yanlış məntiqdir. Ermənistanda hakimiyyətdə kim olursa olsun, torpaqlarımızı azad etmək qərarında qəti idik”.