Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulini Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa yönəlmiş hərəkətlərdə ittiham edib.
AzerTimes xəbər verir ki, Ağacanov Zatulinin iyunun 1-4-də Ermənistanda səfərdə olduğunu bildirib.
“Səfərin rəsmi məqsədi mövcud ictimai-siyasi vəziyyət və Qarabağ münaqişəsinin həlli prosesi ilə tanışlıqdır. Amma əslində səfər çərçivəsində Zatulinin keçmiş və indiki qondarma separatçıların “liderləri” ilə görüşü olub. Sual yaranır ki, Zatulin onlarla hansı məqsədlə görüşüb? Fikrimcə, bu, Zatulinin növbəti və məqsədli təxribatıdır”, – deyə o bildirib.
Ağacanovun sözlərinə görə, Zatulinin bu səfərində məqsəd regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək cəhdidir:
“Belə səfərlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ancaq ziyan vurur”.