Rusiya sülhməramlı kontingentinin qoruyacağı artıq heç kim yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Azərbaycanın son antiterror tədbirləri Rusiyanın mövqelərinə zərbə vurub:
“Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin qarşısında həyata keçirilən həbsi, məncə, təkcə Ermənistandakı xain hakimiyyətə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya – bu regiondakı sülhməramlılığa çox ciddi qınaqdır. Bəzi Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ermənilərin Qarabağı tərk etməsində heç kim günahkar deyil, bu, onların fikrincə, könüllü addımdır. Bu, Rusiyanı sülhməramlı kimi ləkələyən çirkin bəyanatdır. Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı kontingentimizə inanmaqdan vaz keçiblər.
Bizim kontingentin Qarabağdakı sayılı günləri qalıb, çünki orada qalan yoxdursa, kimi qoruyacaq? O, azərbaycanlıların indi rəsmi olaraq Xankəndi adlandırdığı “Stepanakert” şəhərində yol hərəkəti qaydalarına nəzarət etməyəcək”.
Zatulin bildirib ki, Bakının hərəkətləri Rusiyanı nəhəng kimi ləkələdi:
“Bu baxımdan Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri qaytarılması ilə bağlı söhbətlər başlayıb. Onsuz da Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq zərurətindən danışırdılar. Bu, təbii ki, olmayacaq, amma saakaşviliçilərin orda və başqa yerlərdə yenidən başlarını qaldırması bir daha deməyə əsas verir ki, Azərbaycan nümunəsi yoluxucudur. Hesab edirəm ki, Azərbaycan həm həbslərlə, həm də faktiki olaraq Qarabağdan erməniləri qovduğu üçün böyük səhv etdi. Bu, Azərbaycanın imicinə, dünyadakı imkanlarına uzun müddət təsir edəcək”.