Xəbər - Çingiz Səfərli – Trend:
Zaqatalada təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzerTimes-a verilən məlumata görə, agentlik pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Zaqatala şəhəri, F.Əmirov küçəsində fəaliyyət göstərən “Ağ Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Twitter:@cingizsafarli