Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində
reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də
səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik
yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb
və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının
vacibliyini onların diqqətinə çatdırıblar.
Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər
barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə
ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə
görə) maddəsi ilə protokol tərtib olunub.