Zaqatala rayon Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz
əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.
Zaqatala rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti
vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən
istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar
tərtib edilməsini təmin edərək, imzalayıb təsdiqləməklə ayrı-ayrı
şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satmasına və ya
icarəyə verməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz
Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının
qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə
orderini tərtib edərək imza etməklə sənədlərə bilə-bilə yalan
məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün
əsaslar müəyyən edilib.
Toplanmış sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin
308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi
ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon
məhkəməsinə göndərilib.