Zaqatalada baş verən zəhərlənmənin səbəbi dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsidir.
AzerTimes xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib. Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır.
Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.
Həmçinin 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.