Xəbər - Fərid Zöhrabov – Trend:
Ukraynanın şərqində yerləşən və Avropanın ən böyük atom elektrik
stansiyası olan Zaporojye AES-in ərazisində baş verən yanğın və
ətrafında gedən atışmalar regionu ciddi təhlükə ilə üz-üzə
qoyub.
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam
MustafayevTrend-ə açıqlamasında bildirib ki, altı blokdan
ibarət Zaporojye AES partlayarsa, onun fəsadları Çernobıl
hadisələrindən daha güclü ola bilər:
“Zaporojye AES-in nəinki özünün zədələnməsi, onun ətrafında baş
verən hadisələr kifayət edir ki, atom reaktoru partlasın. Soyutma
təchizatı zədələnərsə, reaktorda qəzanın baş verməsi qaçılmaz
olacaq. Zaporojye AES Azərbaycandan uzaq olduğu üçün radiasiyanın
ölkəmizdə yayılması az ehtimal olunur. Lakin Volqa-Don kanalı
radiasiyanın təsirinə məruz qalarsa, dolayısı ilə ölkəmizə keçə
bilər. Belə ki, Zaporojye AES Qara dənizə yaxındır. Qara dəniz
radiasiya ilə çirklənərsə, bu Volqa çayına və Xəzərə keçə bilər.
Zaporojye AES-də partlayış olarsa, bundan bütün Xəzər dənizi
ətrafında yerləşən ölkələr hamısı ziyan çəkə bilər”, – deyə
İ.Mustafayev bildirib.
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in
ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də
söndürülüb.
AzerTimes-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu
barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Məlumata
əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.