Zamanovu çıxarıb, yerinə görün, kimi qoyurlar…

Zamanovu çıxarıb, yerinə görün, kimi qoyurlar…

Göyçayda Rövşən Zamanov kimi dəyərli bir tarzənin və musiqi məktəbinin direktorunun işdən çıxarılması qanunauyğun sayıla bilər. Ancaq heç cür mədəniyyətə uyğun sayılmaz.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Göyçay rayon Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanovun işdən azad edilməsindən sonra baş verən qalmaqala reaksiyasında bildirib.

O deyib ki, Bakıda da Əlihüseyn müəllim kimi dəyərli sənət adamını musiqi məktəbindən üç ay öncə belə çıxartdılar:

“Kimi kimlə əvəzləyirsiniz? 68 yaşı var, işləyə bilirsə, minnətiniz olsun ki, bu cür kadrlar iş başındadır. Sanki adamların bir missiyası var: olan-qalan dəyərli hansı kadr var, sıradan çıxarmaq. Rövşən Zamanov əyalətdə mədəniyyətimizin inkişafında önəmli rolu olan kadrdır, ondan yararlanmaq əvəzinə hörmətsiz şəkildə yola salırlar. Anlaşılan budur ki, yerinə Musiqi Akademiyasını bitirmiş 50 yaşlı savadlı xanım müavini təyin etmək imkanı olsa da, kənardan heç bir təcrübəsi olmayan kollec məzunu bir xanımı gətirirlər, o da öz komandası ilə məktəbə yerləşmək istəyir. Bu da kolkektivdə təbii etiraz doğurur. Sonluq bəllidir: naşılar, qabiliyyətsizlər qalib gələcək. Əslində bütün kitabxanalar, teatrlar, muzeylər, kinostudiya, musiqi məktəbi bundan da betər gündədir. Mədəniyyət sahəsini tam bir yaylaq xaosuna sürükləyiblər…”

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata etiraz edib.

G.Hacıyeva isə etiraz zamanı ona xəsarət yetirildiyini bildirərək, polisə müraciət edib.

Teqlər: