Zakir Sultanovun məhkəməsində şahidlər ifadə verib

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən “İnkişaf-Təmir-Tikinti” şirkətinin təsisçisi Zahid Cabbarov sabiq idarə rəisi ilə yaxın dost olduğunu deyib.

O bildirib ki, Zakir Sultanovun tapşırığı ilə onun təsisçisi olduğu sözügedən şirkətə ayrılan vəsaitdən 1 milyon 275 manat “Bakı Abadlıq MMC”-nin hesabına köçürülüb. Həmin vəsait şəhərdə abadlıq işləri aparmaq üçün istifadə edilməli imiş.

Prokurorun sualını cavablandıran Z.Cabbarov ayrılan vəsaitdən Zakir Sultanova hər hansı miqdarda faiz verilmədiyini bildirib.

Daha sonra hakim şahidin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadənin ziddiyyət təşkil etdiyini deyib.

Hakim bildirib ki, hazırda şahid qismində ifadə vərən Zahid Cabbarov istintaqa verdiyi ifadədə onun şirkətinə ayrılan vəsaitdən 15-17 faizini nəğdləşdirərək Zakir Sultanova təqdim etdiyini deyib.

Prosesdə ifadə verən şahid Mətləb İsmayılov isə deyib ki, uzun illər tarixi abidələrin tədqiqi ilə məşğul olub:

“Artıq 10 ildir ki, tarixi abidələrlə bağlı işlərlə məşğul oluram. Təqsirləndirlilən şəxsi isə sonradan tanıdım. Plana görə görüləcək iş üçün ayrılan vəsaitin 20 faizini nəğd şəkildə sabiq idarə rəisinə geri qaytarırdım.”

Daha sonra Zakir Sultanov çıxış edərək tarixi abidələrdən birinin təmiri zamanı öz şəxsi vəsaitindən 50 min manat ödədiyini deyib.

Təqsirləndirlilən şəxsin son ifadəsinə hakimlərdən biri münasibət bildirərək 2 min manat əmək haqqı alan bir idarə rəisinin 50 min manatı haradan aldığını soruşub.


Zakir Sultanov cavabında bunu görüləcək işlərdən biri üçün ayrılan smetada çatışmazlıq olması ilə əlaqələndirib.

Növbəti proses avqustun 27-ə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılıb.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Twitter: @GuleliyevSamir

Teqlər: