Zakir Sultanovun məhkəmə iclası baş tutmayıb

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid ifadələrinin dinlənilməsinə başlanıb. Məlum olub ki, bəzi şahidlər prosesə qatılmayıb. Hakim bildirib ki, şahidlər prosesə gəlmədiyi üçün məhkəmə davam etdirilə bilməz.

Növbəti proses sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılıb.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Twitter: @GuleliyevSamir

Teqlər: