Zakir Həsənov Zəfər Günü ilə bağlı Ordunu təbrik etdi

Zakir Həsənov Zəfər Günü ilə bağlı Ordunu təbrik etdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

AzerTimes xəbər verir ki, təbrikdə qeyd olunur:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Ölkəmizin suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünyanın ən güclü orduları sırasında yer almışdır. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilmişdir.

Respublikamızın müdafiə qüdrətinin artması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında qalmış tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Ötən il 12-14 sentyabr tarixlərində Ermənistan silahlı birləşmələrinin yenidən sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarının qarşısı Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri ilə alındı. Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin birləşmələrinə və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı bu il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Respublikamızın ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı təhdid yaradan separatçı qüvvələrin silahlı birləşmələri ordumuzun bölmələri tərəfindən məhv edildi.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram”.

Teqlər: