Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, cari ilin 29-30 may tarixlərində Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.
General-polkovnik İ.Günaydın isə öz növbəsində Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.