Martın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə
keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri
komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb
olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik,
birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə
videobağlantı vasitəsilə qoşulublar.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına
çatdırıb.
Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi
heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət
verdiyini qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və
Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.
Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə
saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi,
ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret
tapşırıqlar verib.
Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da
yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim
və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin
qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına
daim hazır olması barədə göstəriş verib.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş
müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi
heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə
tapşırıq verib.
Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi
aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən
şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji
hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı
müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.